Vahid məktəbli forması məsələsi

Azərbaycanda vahid məktəbli formasının tətbiq edilməsi ətrafında yaranan müzakirələrə xüsusilə İran və Türkiyədən gələn reaksiyalar diqqət çəkir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də məsələyə münasibət bildirib. İsmail Bəqai məsələnin Azərbaycanın daxili imkanları və ictimai dialoq vasitəsilə həllinə üstünlük verən açıqlama ilə çıxış edib.
İran rəsmisi Tehranla Bakı arasında uzunmüddətli dostluq və qardaşlıq münasibətlərini xatırladaraq, mövcud məsələlərin qarşılıqlı anlaşma, dini dəyərlərə və vətəndaşların fundamental hüquqlarına hörmət əsasında həll olunacağına ümid etdiyini vurğulayıb.
Bəqai qeyd edib ki , Azərbaycanda xalqın hakimiyyətlə qarşılıqlı əlaqədə bu məsələni anlaşma şəraitində həll etməli olduğunu düşünürlər.
İran XİN sözçüsü Türkiyədən fərqli olaraq ölkəsinin bu məsələyə daha dözümlü münasibətini ortaya qoymuş oldu. Bəqainin açıqlamasından çıxan nəticə budur ki, İran baş verənləri bir növ Azərbaycanın daxili işi sayır.
Türkiyədən isə İrandan fərqli olaraq bu məsələdə ilə bağlı ultimatumlar səslənir ki, uşaqları məktəbə hicabla buraxmamaq qərarı qəbuledilməzdir və Azərbaycan bu səhv addımdan çəkinməlidir. Əslində, Bəqainin açıqlaması ilə bizim Türkiyədən gözlədiyimiz yanaşmanın İrandan gəldiyini söyləmək olar. İran İslam dövləti ola-ola bu məsələnin - vahid məktəbli geyiminin dinə qarşı olmadığını faktiki olaraq təsdiqləyir, Türkiyədə isə təəssüf ki, bu mövzudan manipulyasiya və siyasi təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərini görürük.
Hicab mövzusunda Azərbaycana informasiya hücumlarının 64 faizi Türkiyə, 11 faizi İranın payına düşür
Təəssüf doğuran digər məqam isə informasiya məkanında formalaşan mənzərədir.
APA-nın apardığı monitorinqin nəticələrinə görə, hicab mövzusu üzərindən Azərbaycana qarşı informasiya hücumlarının 64 faizə qədəri Türkiyə, cəmi 11 faizi İran mənbələrinin payına düşür. Bu rəqəmlər arasında fərq bir çox mətləblərdən xəbər verir, bir çox reallıqları üzə çıxarır.
Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik Türkiyənin müəyyən media və ictimai-siyasi dairələrində mövzunun daha sərt ritorika ilə təqdim olunması müşahidə edilir. Ayrı-ayrı platformalarda məktəbli forması ilə bağlı qaydaların bütövlükdə dini azadlıqların məhdudlaşdırılması kimi təqdim edilməsi ilə manipulyasiya aparılır.
Məsələnin ən ciddi tərəfi Türkiyədəki bəzi dairələrin Azərbaycanın daxili hüquqi tənzimləməsini dini qarşıdurma kimi təqdim etməyə çalışmasıdır. Belə yanaşma mövzunun mahiyyətini dəyişdirərək təhsil müəssisələrində nizam-intizam məsələsini siyasi mübahisə predmetinə çevirir.
Halbuki Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ümumtəhsil müəssisələrində vahid geyim qaydalarını tənzimləyir. Qərarda konkret dini icmanın hədəfə alınmasından deyil, məktəbli formasının vahidliyinin və dünyəvi təhsil prinsipinin qorunmasından söhbət gedir. APA-nın yayımladığı əvvəlki təhlilində vurğulandığı kimi, məktəb ideoloji qarşıdurma meydanı deyil, təhsil və tərbiyə məkanıdır.
İlkin Mənbə və İstinad
- Orijinal Mənbə →QafqazinfoQafqazinfo — Orijinal xəbər lenti (20.10.2026).


